Bu məsələdə ona Avropa liderlərinin, martın 2-də Londonda Britaniyanın təşəbbüsü ilə keçirilən sammitdə Ukraynaya dəstək məsələsini müzakirə edən baş nazirlər və prezidentlərin nə məsləhət verdiyi önəmlidir. Ümumi qərar haqqında ətraflı məlumat yoxdur, lakin Britaniya, Fransa və bir-iki digər ölkənin iştirakı ilə Ukrayna məsələsinin həlli üçün “alternativ plan” hazırlanacağı və bunun ABŞ-yə təqdim ediləcəyi deyilir. Eyni zamanda, NATO Baş katibi Mark Rutte Zelenskiyə ABŞ ilə münasibətləri tənzimləməyi tövsiyə edib.
Ukrayna prezidentinə göstərilən mənəvi dəstəyə baxmayaraq, Avropa liderləri yəqin ki, Ukrayna məsələsində ABŞ-nin resurs imkanlarını əvəz edə bilməyəcəklərini başa düşürlər. Bu, təkcə maddi-texniki, həm də keyfiyyət baxımından resurslara, o cümlədən Vaşinqtonun Ukraynaya verdiyi kommunikasiya, kəşfiyyat, peyk dəstəyi kimi yardımlara aiddir ki, bunlarsız Ukraynanın müdafiə potensialı obyektiv olaraq çox zəif olardı.
Şübhəsiz ki, “bu bahar gərginlikləri” ABŞ-Ukrayna deyil, ABŞ-Avropa arasında yaşanır. Bu amil nə qədər bizdən uzaq görünsə də, Qafqaz üçün əhəmiyyətli çağırışlarla doludur. Qərbi Avropa elitaları Trampın yanaşmalarına qarşı durmağa və onlara təsir etməyə qərarlıdırlar. Bu imkanın və uğurun qiymətləndirilməsi müxtəlifdir, lakin ən azı cəhd etmək qərarı aydındır. Bu isə o deməkdir ki, bütün mümkün vasitələr, bütün mümkün istiqamətlərdə istifadə olunacaq.
Bu istiqamətlərdən biri də, şübhəsiz, Qafqaz ola bilər. Vaşinqton səfərindən dərhal sonra Türkiyə prezidenti ilə Britaniyanın baş naziri Starmerin telefon danışığı diqqətəlayiqdir. Qafqaz üçün Qərb-Rusiya qarşıdurma zonasına çevrilməmək həyati əhəmiyyət kəsb edirdisə, bu gün ABŞ-Avropa qarşıdurma zonasına və ya hədəfinə çevrilməmək problemi, bəlkə də, daha aktualdır.
Asif Cəfərov
Ordu.az